Türkiyədə “Akıncı” pilotsuz hücum aparatı təqdim edilib

Oxunub: 250

“Minlərlə tır silah-sursat yardımı edilən terror təşkilatları Türkiyənin silahlı pilotsuz uçuş aparatlarının qarşısında susdu”.
Oxuinfo.az - ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çorlu Hava Limanı Komandirliyində “Akıncı” pilotsuz hücum aparatının Türkiyə Silahlı Qüvvələrinə (TSK) təhvil verilməsi mərasimində bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə müdafiə sənayesindəki uğurları, pilotlu və pilotsuz uçuş aparatları ilə regionda qürur mənbəyinə çevrilib: “Müdafiə sənayesi sahəsindəki uğurlarımız sırasında xüsusilə dünyada da qəbul edilən pilotsuz uçuş aparatlarını qeyd etmək istəyərdim. Türk mühəndisləri ən yaxşı şəkildə bunu bacardılar və bunlardan biri də bu gün “Akıncı” pilotsuz hücum aparatının Türk Silahlı Qüvvələrinin hərbi arsenalı sırasına daxil olmasıdır. Suriyada, Liviyada və Azərbaycanın işğal altında olan torpaqlarında insanlıq faciəsinin qarşısını almasında bu pilotsuz aparatlar böyük rol oynadı. Bu gün bütün dünya Suriyada, Liviyada və Azərbaycandakı yeni müharibə doktrinasından danışır. Ölkəmizin sərhədlərində qurulmaq istəyən terror təşkilatlarını necə məhv etdiyimiz, Aralıq dənizində birtərəfli planlara, Qarabağda işğala necə son qoyulduğu müzakirə olunur”.
Türkiyə Prezidenti deyib ki, hərbi sahədə ölkəsinin uğurlarını qəbul etməyənlər regionda gərginlik yaratmağa çalışırlar: “Regionumuzdakı alov dairəsinə Türkiyəni də daxil etməklə genişləndirməyə çalışırlar. Ona görə də biz yetərincə güclü olmasaq, minillik vətənimiz bu coğrafiyadan silinər”.
R. T. Ərdoğan onu da bildirib ki, Türkiyənin müdafiə sənayesindəki məhsullarının pul müqabilində hər ölkəyə satılması mümkün deyil.
Qeyd edək ki, “Akıncı” pilotsuz hücum aparatı 24 saat havada qala və 1,6 ton yük daşıya bilir. “Akıncı” havadan-havaya raketlərlə də təchiz olunub və bu, onun döyüş təyyarələrinə qarşı da mübarizədə istifadə edilməsinə imkan verəcək.


Xəbər lenti
Çox oxunanlar