Müdafiə Nazirliyi Ruhi Əliyevanı Fəxri Fərmanla təltif etdi-FOTO/VİDEO

Oxunub: 162

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə xeyriyyə aksiyası keçirilib.


Oxuinfo.az News24.az-a istinadən xəbər verir ki, aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov şəhid və qazi övladlarını təmənnasız sünnət edib.

Təşkil olunan xeyriyyə tədbirinə tanınmış simalardan “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, əməkdar artist Təyyar Bayramov, müğənni Samirə Allahverdi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Nərminə Qafarlı və aparıcı Könül Muxtarova qonaq qismində dəvət olunub. 

Tədbir çərçivəsində Müdafiə Nazirliyi tərəfindən iş xanımı Ruhi Əliyeva 44 günlük Vətən Müharibəsində Orduya göstərdiyi dəstək və vətənpərvərlik nümunələrinə görə Fəxri Fərmanla təltif edilib. 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova Ruhi Əliyevanın istər müharibə, istərsə də müharibədən sonrakı dövrlərdə daim şəhid və qazi ailələrinə etdiyi yardımlarla yaxşı mənada seçildiyini deyib. 

“Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva saytımıza açıqlamasında xeyriyyə aksiyasının əhəmiyyətindən söz açıb: “Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə bu xeyriyyə aksiyasına təşkilatçılıq etdikləri üçün təşəkkür edirəm. “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmova isə bu xeyirli işə vəsilə olduğu üçün minnətdarlığımı bildirirəm. Bu, artıq 6-cı müqəddəs missiyadır ki, həyata keçirirlər. Ümumiyyətlə, şəhid və qazi ilələri ilə bağlı görülən bütün işlər savabdır. Onlara dəstək olmaq həm də bizim vicdan borcumuzdur. Eləcə də, Müdafiə Nazirliyinə fəaliyyətimə verdiklərə dəyərə və Fəxri Fərmanla təltif etdikləri üçün təşəkkür edirəm”. 


Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova xeyriyyə aksiyası ilə bağlı fikirlərini bizimlə bölüşüb: ““Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov bu gün 10 uşağın sünnətini etdi. Ona təşəkkürümü bildirirəm. Müdafiə Nazirliyi şəhid və qazi ailələrini daim diqqətdə saxlayır, bu cür mədəni-kütləvi tədbirlərin keçirilməsində, onların problemlərinin həllində yaxından iştirak edir. Hər ay təxminən 58 uşaq bu aksiya çərçivəsində müsəlman olma məqamına ucalır. Ruhi xanım 44 günlük savaşda bizə böyük dəstək olmuşdu. Bu gün də bizi tək qoymadı. O, şəhid və qazi ailələrinə əlindən gələn yardımı göstərdi. Ruhi xanıma xeyirxah əməllərinə görə minnətdaram”.

 

Xəbər lenti
Çox oxunanlar