“Qubad birbaşa siyasətlə məşğuldur, qardaşımla mövqelərimiz üst-üstə düşmür” - Vüqar Bayramov

Oxunub: 117

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Modern.az-a geniş müsahibə verib. Deputatla söhbəti təqdim edirik:
 
- Vüqar müəllim, vaxtilə müsahibələrinizin birində siyasətlə məşğul olmaq istəmədiyinizi demişdiniz. Bəs necə oldu ki, qanunvericilik hakimiyyətində təmsil olunmağa qərar verdiniz?
 
- Qanunvericilik sahəsi mənim gördüyüm işə müəyyən qədər yaxın idi. Ekspert olaraq iqtisadi və sosial məsələlərlə bağlı elmi, praktik tədqiqatlar aparırdım. Parlamentdə də təmsil olunduğum komitələr İqtisadi siyasət və Sosial siyasət komitələridir. Deputat seçilməzdən əvvəl də rəhjbərlik etdiyim İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin və şəxsən mənim təkliflərim müxtəlif qanunların hazırlanmasında istifadə edilmişdi. Eyni zamanda, “strateji yol xəritəsi”nin hazırlanmasına da cəlb edilmişdim. Ümumi yol xəritəsinin hazırlanmasında iştirakla bərabər, "Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi"nin də birbaşa rəhbəri olmuşdum.
 
Parlament fəaliyyəti isə bu prosesə daha yaxından töhfə vermək üçün imkanlar yaradır. Təqdim olunan layihələrin əksəriyyəti ilə bağlı təkliflərimi irəli sürmüşəm. Xüsusilə, yaz sessiyasında müzakirə olunan qanun layihələri haqqında təkliflərimi ikinci oxunuşda səsləndirməyi üstün tutdum. Bu məsələlərə yanaşmamda əvvəlki illərdə həyata keçirdiyim tədqiqatların önəmi böyükdür.
 
- Amma  belə bir fikir formalaşıb ki, qanunlardakı boşluqları beyin mərkəzinin rəhbəri, ekspert kimi görmək daha rahatdır. Parlament fəaliyyəti isə müəyyən çərçivə deməkdir? Sizin üçün çərçivələr var?
 
- Səmimi deyim ki, mən çərçivə hiss etmirəm. Komitə iclaslarında da, plenar iclaslarda da qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərlə çıxış etmişəm. Parlamentdə olmaq qanunvericilikdəki boşluqları müəyyənləşdirmək, bunu dilə gətirmək baxımından məhdudiyyət yaratmır. Əksinə, qanunverici bazaya çıxış, müxtəlif informasiyalara əlçatımlılıq, komitə sədrləri ilə, həmkarlarla və uyğun şöbə ilə müzakirələrin aparılması baxımından deputat fəaliyyəti daha yaxşı imkanlar vəd edir. Elə qanunlar olur ki, 30-a yaxın təklif hazırlayıb, komitəyə verirəm.
 
- Müzakirələrdə sözünüzün çəpləşdiyi deputat olub? 
 
- Komitə üzvləri, hətta komitələrin birgə iclasında da belə məqamlar çox olub. Bəli, mənim təqdim etdiyim təkliflərə fərqli münasibət sərgiləyən deputatlar olub. Məsələn, “Lotereyalar haqqında”  qanunun müzakirəsi zamanı digər komitə üzvü ilə yanaşmamız üst-üstə düşmürdü. Mən düşünürəm ki, vətəndaş gəlir əldə edir və bununla əlaqədar vergi ödəyirsə, gəlirlərinin bir hissəsini xaricdə keçirilən lotereya oyunlarına sərf edə bilər. Amma həmkarım buna qadağa qoyulmasının tərəfdarı idi. Fikir ayrılığına baxmayaraq, həmin deputatla münasibətimiz normaldır.
 
- İşdən sonra, qeyri-rəsmi dostluq etdiyiniz deputatlar var? 
 
- Parlamentdə rəsmi və qeyri-rəsmi “Votsap” qruplarımız var. Məsələn, “Dostlar”, “Səmimiyyət” adlı qrupları qeyd edə bilərəm ki, həm İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən, həm də digər komitələrdən üzvləri var. Bu qruplarda qeyri-rəsmi müzakirələr aparırıq, çalışırıq ki, ən azı həftədə bir dəfə həmkarlarla Milli Məclisdən kənarda görüşək. Bəzən bu müxtəlif tədbirlərlə üst-üstə düşür. Xüsusilə, bölgələrə səfər etməyə üstünlük veririk. Mütəmadi çalışırıq ki, dostların təşkilatçılığı ilə keçirilən tədbirlərə qatılaq. Məsələn, deputat Ceyhun Məmmədovun dəvəti ilə Cəbrayılın Cocuq Mərcanlı kəndində olduq, Müşfiq Məmmədlinin dəvəti ilə Xızıya getdik və s. Daha çox İqtisadi siyasət komitəsinin üzvləri ilə yaxınıq. Çünki bu komitədə təmsil olunan deputatların yaşı bir-birinə daha yaxındır, fikirlərimiz üst-üstə düşür. 1970-1985-ci illər təvəllüdlü deputatlar çox olduğundan, qeyri-rəsmi müzakirələrdə çətinlik çəkmirik.
 
- Yaşlı deputatlarla fikirləriniz üst-üstə düşmür?
 
- Elə deməzdim. Amma etiraf edim ki, parlamentdə ilk dəfə təmsil olunan deputatlar qruplarda daha fəaldırlar, rəsmi və qeyri-rəsmi görüşlərdə aktiv iştirak edirlər.
 
Əvvəlki çağırışlardan, hətta bir neçə çağırış parlamentdə təmsil olunmuş deputatlar da qeyri-rəsmi qruplarımızda var. Bəzən görüşüb, birlikdə yemək yeyirik, müzakirələr aparırıq.
 
- Milli Məclisin Aparatına 33 yaşlı gənc rəhbər gətirildi. Gəncləşdirmə siyasətinin qanunvericilik hakimiyyətinə sirayət etməsi deputatların yaş məsələsini də gündəmə gətirdi. Sizcə, deputatlarla bağlı yaş məhdudiyyətinin tətbiqinin zamanıdır?
 
- Dünyanın inkişaf etmiş ölkələrində deputatların yuxarı yaşı ilə bağlı məhdudiyyətlər yoxdur. Amma bütün dünyada, məsələn, elə ABŞ-da həm Konqresdə, həm də Senatda orta yaşın azaldığını müşahidə edirik. Məhdudiyyət olmasa da, gənclərin sayının artırıldığı müşahidə edilir. Yeni nəslə daha çox imkan yaradılır. Mənə elə gəlir ki, idarəetmə strukturlarının gəncləşməsi, gənc kadrların irəli çəkilməsi vacibdir. Çünki gəncləşmə həm də qanunvericiliyin təkmilləşdirilməsində daha çevik müzakirələrin aparılmasına şərait yaradır.
 
Milli Məclis seçkili orqandır. Kimi seçmək seçicilərin səlahiyyətində olduğuna görə, hansı yaş qrupunda insana etimad göstərilməsi vətəndaşın qərarıdır. Qanunverici orqanın gəncləşdirilməsi müsbət hal olardı. Mənə elə gəlir ki, VI Çağırış əvvəlki dövrlərə nisbətən daha gənc deputatların üstünlüyü ilə müşahidə edildi. Şəxsən mən də növbəti çağırışlarda seçicilərin gənclərə önəm verəcəyini düşünürəm. Amma bu, yaşlı insanların da kənarda qalacağı demək deyil.
 
- Amma gənclərin heç də həmişə etimadı doğrultmadığını da görürük...
 
- Təbii ki... “Hər bir gənc potensiallıdır” deyə bilmərik. Amma istənilən halda gənc olmaq çeviklik, şəffaflıq, məsələlərə münasibət baxımından üstünlükdür. İdarəetmə elektronlaşır, təkcə Azərbaycanda deyil, digər inkişaf etməkdə olan ölkələrdə də gənclərin idarəetmə sistemində daha çox təmsil olunduğunu müşahidə edirik.
 
- Deputat deyəndə, həm də maddi cəhətdən imkanlı şəxs ağıla gəlir. Milli Məclisə daxil olandan sonra həmin mənzərəni gördünüz, yoxsa əksini?
 
- Görüntü bu olsa da, reallıqda belə deyil. Mən VI Çağırış Milli Məclisi nəzərdə tutaraq deyirəm, elm və tədqiqat sahəsindən gələn, parlamentdə təmsil olunan kifayət qədər insan var. Əvvəlki dövrlərdə birbaşa sahibkarlıq keçmişi olan deputatlar var idi, indi isə bu say xeyli azalıb.
 
İndi parlamentdə tədqiqat mərkəzlərindən, universitetlərdən, ekspertlər arasından seçilənlər var. Mən Azərbaycanda ilk müstəqil beyin mərkəzinin yaradıcısıyam. Parlamentdə təmsil olunmazdan öncə də həm ölkə daxilində, həm də xaricdə müxtəlif proqramların icrasını həyata keçirirdik. Bu istiqamətdə işlərimiz davam edir. Amma beyin mərkəzi sahibkarlıq fəaliyyəti deyil.
 
 
- Deputat kimi aldığınız maaş xərclərinizə kifayət edir?
 
- Millət vəkilləri mütəmadi rayonlara gedirlər. Mən hesab edirəm ki, maddi məsələlər tədricən seçicilər tərəfindən anlaşılır. Deputatın vəzifəsi seçicilərin problemlərini öyrənmək, daha üstün qurumlara təqdim etməkdir. Bununla bərabər, qanunvericilik bazasının möhkəmləndirilməsi, təkmilləşdirilməsi ilə əlaqədar çıxış etmək, müxtəlif məsələləri parlamentdə qaldırmaq səlahiyyətimiz var. Deputatdan gözləntilər sahibkardan gözləntilərlə eyni olmamalıdır.
 
Millət vəkilinin maaşı ilə orta aylıq əməkhaqqı arasında mütənasiblik olmalıdır, kəskin fərqlənməməlidir.
 
 
- Füzulidə eviniz var? Ora gedəndə harada qalırsınız?
 
 
- Xeyr, kəndimiz erməni işğalında olmuşdu deyə, evimiz də dağıdılıb. Horadiz şəhərində “Qonaq evi”  var və rayon ərazisində də bizim qohumlarımız yaşayır. Digər rəsmi qonaqlarımız olmadığı halda qohumlarda qalıram. Demək olar, oteldə qalmıram. Bununla xərclərimi də tənzimləməyi üstün tuturam.
 
 
- Qənaətcilsiniz?
 
 
- Belə deyim var ki, ən yaxşı iqtisadçı qənaət etməyi bacarandır. Qənaətcil olmaq xəsis olmaq anlamına gəlmir. Xəsis deyiləm, qənaətciləm. Etiraf edim ki, ailə büdcəsinin idarə edilməsində qənaətcilliyimiz əsas prinsiplərdən biridir.
 
 
- Qənaət etməyin xüsusi mexanizmi var?
 
 
- Bəli. Məsələn, bəzi inkişaf etmiş ölkələrin, o cümlədən Böyük Britaniyanın təcrübəsini istifadə etmək olar. Həmin ölkələrdə bu, o qədər institutlaşıb ki, ailə büdcəsinin planlaşdırılması üçün ayrıca matriks hazırlanır. Ailə öz gəlirini həmin sistemlə qurub, ay ərzində nə qədər vəsaiti hansı istiqamətə xərcləməli olduğunu planlaşdırır. Vacib məqam ailə büdcəsinin düzgün və səmərəli xərclənməsidir.
 
 
- Bu azərbaycanlı ailəsinə də lazımdır?
 
 
- Əlbəttə, lazımdır. Hər bir ailənin öz büdcəsini planlaşdırmasına ehtiyac var. Bunu etməyəndə ayın və ya ilin sonunda ailə gözləmədiyi borclanmaya getməli olur. 2015-16-cı illərdə istehlak kreditlərinin strukturunu təhlil edəndə bizə bəlli oldu ki, bu kreditlərin böyük bir hissəsinə ailə büdcəsinin planlaşdırılmamasından  dolayı ehtiyac yaranır. Məsələn, bahalı cehizin alınması, sünnət toyunun təşkili üçün kredit götürən, qaytara bilməyən ailələr olub. Bunun üçün borclanmaq sonradan ailələrdə ciddi sosial problemlər yaradıb.
 
 
 
- Sizi iqtisadçı ailəsi kimi tanıyırıq. Qubad İbadoğlu, Siz və Qalib Toğrul - hər üç qardaş niyə iqtisadçı olmağa qərar verdi?
 
- Biz beş qardaşıq, hamımız iqtisadçıyıq. Riyaziyyata meylli olmuşuq. Qalib istisna olmaqla, mən və digər 3 qardaş fizika-riyaziyyat təmayüllü liseyi bitirmişik. Bir qardaşım maliyyə-konsaltinq, digəri isə biznes sektorundadır. Onlar mətbuatda fəal deyillər.
 
Mənim planlarım riyaziyyat üzrə ixtisaslaşmaq idi. Xüsusilə tətbiqi riyaziyyatla məşğul olsam, daha çox töhfə verəcəyimi düşünürdüm. Orta məktəbi bitirib, Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olunmaq istəyirdim. Maddi imkanımız xüsusi hazırlığa, müəllim yanına getməyə mane olurdu. Ona görə özüm hazırlaşırdım. “Kvant” jurnalına abunə olmuşdum, dərslikləri əldə edirdim, riyaziyyatla bağlı araşdırmaları oxuyurdum. 1991-ci ildə ölkəmizin müstəqillik əldə etməsi mənim təhsillə bağlı planlarımı da dəyişdi. Moskva Dövlət Universitetinə artıq xarici vətəndaş kimi müraciət edə bilərdik. Ödənişli təhsil almaq lazım gəlirdi və o dövrdə həmin universitetdə illik 4 min rubl təhsil haqqı idi. Bu, həmin zaman üçün böyük pul idi və bizim ödəməyə imkanımız çatmırdı.
 
Riyaziyyata ən uyğun istiqamət iqtisadiyyatdır. Böyük qardaşlarım Qubad və Qalib də bu sahədə təhsil aldıqlarına görə mən də eyni istiqaməti seçdim. Düşünürəm ki, doğru qərar vermişəm.
 
- Övladlarınız da iqtisadçı olmaq istəyirlər?
 
- Bəli. İki qızım var, biri 4-cü, digəri 8-ci sinifdə oxuyur. Liseydə təhsil alırlar. Onların dərslərinə şəxsən özüm kömək edirəm, ev tapşırıqlarını, xüsusilə riyaziyyatdan məsələləri birlikdə həll edirik. Hər ikisi iqtisadçı olmaq istəyir.
 
- Xanımınız da iqtisadçıdır?
 
- Xeyr. Həyat yoldaşım ingilis dili pedaqoqudur.
 
- Övladlarınızın xaricdə təhsil almasını istəyirsiniz?
 
- Bunu söyləmək hələ tezdir. Orta məktəbi bitirənə yaxın veriləcək bir qərardır. Xaricdə oxumaqla bağlı planlarımız və ya müzakirələrimiz olmayıb. Əsas hədəfimiz onların yaxşı təhsil almasıdır. Azərbaycanda da iqtisadiyyat sahəsi ilə bağlı yaxşı ali təhsil imkanları var. Məsələn, indi UNEC və  ADA üstün ali məktəblərdəndir. Ona görə, xarici ölkəyə getmək vacib deyil. Yenə də övladlarım bu barədə özləri qərar verə bilərlər.
 
- Son zamanlar ailə münasibətləri ilə bağlı problemlər, boşanmaların artması çox müzakirə edilir. Sizcə, ailə institutunun qorunması üçün vacib addımlar nədir?
 
- Sosial faktorlar ailələrdəki problemlərə təsir göstərir. Bütün dünyada  boşanmaların səbəblərindən biri sosial təsirlərdir. Bütün dünyada institut olaraq ailənin fəlsəfəsi dəyişib. İndiki ailələri bizim uşaqlıq dövrünün ailələri ilə müqayisə etməməliyik. Tanıdığım, ailə qurub sonra ayrılan cütlüklər var. Məncə, əsas məqam ailə başçılarının bir-birini anlayıb, güzəştə getməsidir. Ən böyük problem bəyin və xanımın bir-birinə güzəştə getməməsidir. İnsanlar adi məsələyə görə boşanma ərizəsi verirlər.  Dağılan ailələrin əziyyətini isə uşaqlar çəkir.
 
- Gənc ailələrə məsləhətiniz varmı?
 
- Gənclər anlamalıdırlar ki, artıq fərqli dövrdür. Ənənəvi ailə yanaşması ilə müasir ailə yanaşması fərqlidir. Bunu həm kişi, həm də qadın nəzərə almalıdır. Xüsusilə, xanımlara münasibətdə çağırışların fərqli olduğunu qəbul etməliyik.
 
Keçmiş SSRİ ölkələrində, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərində ailə institutu dəyişdi. Ənənəvi üsullarla ailə qurmaq, onu idarə etmək effekt vermir. İndi hüquq çox önəmlidir. Ailə üzvləri bir-birinin hüquqlarının bərabər və ya ən azı oxşar olduğunu qəbul etməlidirlər. Bununla belə, Azərbaycan ənənələri də nisbətən təsirini göstərəcək. Qərbdə belədir, ailəni bu cür idarə edək, ya da “tamamilə Şərq modelini götürək” deyə bilmərik. Azərbaycanın özünün ailə modeli, spesifikası olmalıdır.
 
- Sizin ailədə nə ilə bağlı fikir ayrılığı olur?
 
- Ciddi fikir ayrılığı olduğunu düşünmürəm. Amma uşaqların harada təhsil alması ilə bağlı müzakirələrimiz olur. Mən daha çox uşaqların özünün qərar verməsinin tərəfdarıyam. Elə olur ki, anası uşaqlara paltar seçir, uşaqlar bunu bəyənmir. Amma uşaq da fikrinin nəzərə alındığını görməlidir. Məsələn, təklif edirəm ki, modeli anası seçsin, rəngini uşaq seçsin. Uşağın bununla bağlı qərar verməyi, söz sahibi olmağı gələcəkdə də qərar vermə qabiliyyətinə təsir edir.
 
- Gəlin, bir az keçmişə qayıdaq. Füzulidən ABŞ-a gedib çıxmaq çətin olmadı?
 
- Mənim atam və anam müəllim idilər. Atam dünyasını dəyişəndə bizim yaşımız az idi. Anam həyatdadır, pensiyaçıdır. Ailəmizdə təhsilə xüsusi diqqət olub. Əmimgil Beyləqanda yaşayırdılar, əmim uşaqları kəndimizdəki məktəbə gəlirdilər, bizdə qalırdılar. Atam hər axşam bizdən və əmim uşaqlarından dərslərimizi soruşurdu, oxuyub, ona danışırdıq. Heç kimi ötürməzdi, hamını yoxlayardı. Ailəmizdəki təhsil mühiti atam dünyasını dəyişəndən sonra da qaldı. Oxuduqca hiss etdim ki, kəndimizdəki məktəbdən fərqli məktəbə getməliyəm. Doğulduğum Aşağı Güzdək kəndi Füzulidən çox Hadrut şəhərinə yaxın idi. Sənaye məhsulları almaq üçün Hadruta gedirdik. Kəndimizdən Füzuli şəhərində işləyən bir nəfərin övladı mənimlə parta yoldaşı idi. Mən ona dedim ki, “gəl biz də Füzulinin mərkəzindəki məktəbə gedək, onsuz da atan hər səhər tezdən şəhərə gedir, səhər onunla gedib, axşam avtobusla qayıdarıq”. Beləliklə, Füzulidəki Bünyad Sərdarov adına məktəbə getməyə başladıq. 2 il sonra yenə hiss etdim ki, texniki fənlərlə bağlı ixtisaslaşmış məktəbə getməliyəm. Fizika-riyaziyyat təmayüllü məktəbə də belə marağım artdı, imtahan verib qəbul olundum.
 
Ali məktəbə daxil oldum, söhbətimizdə qeyd etdiyim kimi...
Torpaqlarımızın işğal olunması xəbərləri bizi sarsıdırdı, çox ağır bir dövrdə yaşayırdıq. Bununla belə təhsildən yayınmamaq lazım idi. İlk dəfə test sistemi tətbiq ediləndə  biz imtahan verdik. Yüksək bal toplamışdım, AzTV-nin o vaxtkı efirinə dəvət etmişdilər.
 
Universitetdə oxuyanda yataqxanada qalırdım. Yenə fərqli təhsilə marağım var idi. Bu dəfə xaricdə təhsil almaq istəyirdim. Orta məktəbdə alman dili oxumuşdum, ona görə Amerikaya getmək üçün yetərli deyildi. İngilis dilini öyrənməyə başlayanda cəmi 10-15 söz bilirdim. Müəllim yanına getmək imkanım yox idi. O zaman çox tələbənin seçimi olan “Murphy” (Mörfi) kitabından istifadə etməyə başladım. “Toefl” imtahanından keçib, Kanadaya, daha sonra isə Amerikaya yola düşdüm. Azərbaycana qayıdandan sonra beyin mərkəzi qurdum. Yenə də xarici ölkələrdəki beyin mərkəzləri, institutlarla əlaqələrim var. Amerikada təhsil almaq həyatımda həlledici məqamlardan oldu.
 
-  Niyə məhz Amerika?
 
- Məncə, dünyada ən güclü təhsil məhz ABŞ-dadır. Mən qohumlara da orada oxumağı məsləhət görürəm. Bilirsiniz, Böyük Britaniyanın ən güclü univeristetləri Oksford və Kembricdir. Amerikada isə Yeni İngiltərə adlanan ərazidə, Massaçusest ştatına yaxın ştatlarda MİT, Harvard, Boston Kollec kimi təhsil müəssisələri əslində bir “Kembric school”dur. Həmin məktəblər arasında rəqabət olub. Ötən əsrin 80-ci illərində qədər İngiltərə öndə idisə, indi ABŞ təhsili önə keçib. Ona görə, beyin axını da ABŞ-a istiqamətlənir.
 
 
- Yəqin ki, xaricdə təhsil alanda orada qala da bilərdiniz. Sizi xaricdən Azərbaycana qaytaran vətən sevgisi idi?
 
 
- Mənim xaricdə qalmaq imkanlarım daim olub. Kanadada təhsil alanda həmin proqram vasitəsilə hər il yalnız bir nəfər Azərbaycandan qəbul olunurdu. Məndən öncəki il və məndən sonrakı il qəbul olunan azərbaycanlıların hər ikisi orada yaşamağa qərar verdi. Orada vətəndaşlıq alıb, qaldılar. Mən isə həmişə  çalışmışam ki, Azərbaycana qayıdım. Torpağa bağlılığım öz yerində, həm də beyin mərkəzi istiqamətində, ya da hansısa dövlət qurumunda çalışaraq ölkəmə fayda verməyi üstün tuturdum. Azərbaycanda o zaman beyin mərkəzləri praktikası yox idi, ona görə bu sahəni ölkəyə gətirmək istəyim artırdı.
 
ABŞ-da təhsil aldığım müddətdə müşahidə edirdim ki, insanlar daim axtarışdadır. Orada elə tələbələr var ki, təhsil haqqını belə çətinliklə ödəyirlər, qənaət edərək yaşayırlar. Amma axırıncı kursda Nyu-Yorkdan San-Fransiskoya biznes-klassa bilet alırlar. Onlar düşünür ki, 6 saatlıq həmin yolda hansısa  senator, ya da biznesmenlə birlikdə uça bilərlər. Bu müddətə ünsiyyət qurub, həyatını dəyişə bilərlər. İnsanlar həmişə olduğu yerlərdən daha yaxşısına yüksəlmək istəyirlər.
 
 
- Söhbətinizdən belə anladım ki, qardaşlarınızın hər biri ilə münasibətləriniz yaxşıdır. Amma belə iddialar bəzən olur ki, sizin böyük qardaşınız Qubad bəylə yaxşı münasibətiniz yoxdur...
 
 
- Bizim siyasi yanaşmamız fərqlidir. İqtisadi məsələlərdə fərqlilik o qədər də müşahidə olunmur. Mən siyasi partiyada heç vaxt təmsil olunmamışam. Düşünürəm ki, müstəqil olmaq problemlərə daha yaxından töhfə verməyə şərait yaradır. Qubad birbaşa siyasətlə məşğuldur, mövqelərimiz üst-üstə düşmür. İngiliscə ifadə etsək, mən daha çox “policy” tərəfdarıyam. İki qardaşın fərqli mövqedə olması normal haldır, bununla bağlı nümunələr çoxdur. İqtisadçı dili ilə desək, hər bir qardaş özü artıq bir ev təsərrüfatıdır. Bu təsərrüfatın üzvləri isə həyat yoldaşı və uşaqlardır. Qubad uzun müddətdir Azərbaycandan kənarda yaşayır. Ümumi fikir ayrılığı bəzən münasibətlərimizə təsir edir, eyni məsələ ilə bağlı bəzən fərqli yanaşmamız olur. Bu normaldır.
 
 
- Müxalifətçinin qardaşının hakimiyyətdə təmsil olunması birmənalı qarşılanmır. Sizi buna görə tənqid edənlər olub?
 
 
- Parlament seçkilərində iştirak edəndə rəqib namizədlər bunu qabartmağa çalışır, bunun üzərindən seçki kampaniyalarını qururdular. Amma indi fərqli dövrdür. Hər bir şəxsin öz əməyinə, potensialına və fəaliyyətinə görə qiymətləndirilməsi vacibdir. Təyinatla vəzifəyə gətirilən şəxslərdə də bəzən görürük ki, hansısa qohumu müxalifətçi olanlar təyin edilir. Burada təəccüblü heç nə yoxdur. Əsas odur ki, bu insan təyin olunub, onun qohumu, qardaşı yox. Qərbdə, məsələn, qohum ev təsərrüfatının üzvləri hesab edilir. Maraqların konflikti baxımından yalnız bu yaxın qohumlar nəzərə alınır. Sizin özünüzə ata-ananın, qardaş-bacının, əmi-dayının, xala-bibinin fəaliyyətinə görə dəyər verilməsi düzgün deyil.
 
 
- İki qardaşın fərqli düşüncəsinə ananızın münasibəti necədir?
 
- Ailəmizdə bu, müzakirə olunmur. Hərənin öz mövqeyi var və heç kim bundan geri çəkilmək istəmir. Qohumlarımız da siyasi məsələlərə rəy vermirlər. Anam kimin düzgün, kimin yanlış olduğu barədə heç zaman fikir bildirmir. Düzdür, həmişə onun sözünü dinləyirik, amma o da bizim müstəqil qərarlarımıza müdaxilə etmir.
 
- Növbəti parlament seçkilərinə qatılmaq istəyirsiniz?
 
-   Bununla bağlı danışmaq hələ tezdir. Amma etiraf edim ki, özümü faydalı hiss edirəm. Xeyli məsələlər həll olunub, seçicilərin problemlərinin yoluna qoyulmasına çalışdıq. Mənim üçün əsas qalan müddətdə aktivliyi qoruyub saxlamaq, fəaliyyətdə səmərəliliyi artırmaqdır.
 
- Digər dairələrin seçicilərindən müraciət edən olur?
 
- Əlbəttə. Bir dəfə hətta deputat özü zəng edib, dedi ki, “seçicim səninlə görüşmək istəyir”. İqtisadi məsələni müzakirə etmək lazım gəlirdi. Bəzən mənə də müraciət edib, digər həmkarımla əlaqə saxlamaq istədiyini deyən seçicilərim olub. Biz belə hallarda deputatlarla qarşılıqlı fəaliyyət göstəririk. Məqsəd vətəndaşın razı salınmasıdır. Hər hansı qısqanclıqdan söhbət gedə bilməz.

Xəbər lenti
Çox oxunanlar