Putin Qarabağ üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirib

Oxunub: 192

“Bir il ərzində az iş görülməyib. Ən başlıcası gələcəkdə normal dinc həyat üçün şərait yaradılır”.
APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirilən üçtərəfli görüşdə deyib.

“Baş nazirlərin müavinləri səviyyəsində Üçtərəfli İşçi Qrupu yaradılıb. Həmkarlarım mənə bu istiqamətdə işin necə getdiyi barədə məlumat verdilər. Bu sadə iş deyil. Lakin buna baxmayaraq, bu iş qabaqcıl vəziyyətdədir. Güman etməyə əsas var ki, yaxın vaxtlarda biz təkcə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müvafiq işçi qrupun işini təsdiqləməyəcəyik, eyni zamanda, bununla bağlı müvafiq qərar qəbul edəcəyik. Səylərimizin məqsədi də məhz bundan ibarətdir: regionun dirçəldilməsi, insanların özlərini təhlükəsiz hiss etmələri, təsərrüfat ilə məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün şərait yaratmaqdır. Bütün bunlar hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində öz əksini tapmalıdır. Rusiya üçün Azərbaycan və Ermənistanla münasibətlər xüsusi xarakter daşıyır. Biz bir vaxtlar eyni dövlətin tərkibində olmuşuq. Bizim dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin pozulmasını istəməzdim. Biz səy göstərməliyik ki, bu əlaqələr bərpa olunsun”, - Rusiya Prezidenti vurğulayıb.

Xəbər lenti
Çox oxunanlar