Tehran ermənilərə aşkar yardımlara nə zaman son qoyacaq? - YENİ FAKTLAR

Oxunub: 813

Diplomatiyanın çoxsaylı qaydaları var və onların arasında ən əsaslarından biri "olduğun kimi görünmürsənsə, bunu ustalıqla et" formasındadır.
İran diplomatiyasının 5 min ildən artıq yaşı olsa da, deyəsən, son illərdə Tehranın xarici siyasətini bəlirləyənlər əsl həvəskarlar kimi, hətta diletantlar təki davranırlar.
Sözdə "İslami vəhdət, müsəlman ümmətinin birliyin"dən danışmağı çox sevən, "bütün dünyadakı məzlumların yanındayıq" deyən, "Azərbaycandan tutmuş, Yəmənədək hər yanda və hər yerdə hüquqları pozulan müsəlman ümmətinin problemləri bizim müşküllərimizdir" və s. formatında patetik, gurultulu bəyanatlar verən İran İslam Respublikasının sözləri ilə əməlləri, həmişəki kimi, üst-üstə düşmür.
Bu yaxınlarda İranın Ermənistandakı səfiri Bədəxşan Zohuri Kəlbəcərlə sərhəddə yerləşən erməni hərbi hissələrinə baş çəkmişdi.
Onu İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi Bəhmən Sadegin və Ermənistan Müdafiə Nazirliyinin yetkililəri müşayiət ediblər.
Kəlbəcərlə sərhəddə yerləşən erməni hərbi hissəsinin komandiri, general-mayor Araik Harutyunyan son olaylardan bəhs edib.

Sərhədimizə Fransa və ABŞ-ın Ermənistandakı səfirlərinin "başmaq seyr"lərini anladıq. Parislə Vaşinqtonun banderloqlara münasibəti bəlli.
Bəs Qarabağ müharibəsi ilə bağlı "fətva"nın verildiyi, bizə "dost və qardaş" deyən İranın Ermənistandakı səfirinin Azərbaycanla sərhəddə nə işi var? O, durbinlə nəyə və niyə baxırdı?
Səfir Zohuri durbinlə mövqelərimizə elə diqətlə baxırdı ki, sanki Ermənistan-Azərbaycan sərhədində yox, İranın sərhədlərini yarmağa çalışan qüvvənin mövqelərinin qarşısında durub.
Olmaya "Ermənistan sərhədlərinin toxunulmazlığı" İran üçün öz dərdlərindən, problemlərindən daha vacibdir?
Bundan başqa, torpaqlarımızın bir hissəsinin erməni işğalında olduğu 28 il ərzində nə üçün İran belə "qayğı"nı müsəlman Azərbaycanla bağlı nümayiş etdirmədi?
Eyni zamanda, İranın Ermənistana və ermənilərə ən geniş miqyasda, müstəvidə yardımlarının arası kəsilmir.
Ötən ilin sentyabrın 27-də başlanan və noyabrın 10-da Ermənistanın tam kapitulyasiyası ilə bitən Vətən Müharibəsində İrandan İrəvana yardımlar karvanları dayanmaq bilmirdi.
Situasiya indi də faktiki olaraq, dəyişməzdir.
Belə ki, İran vətəndaşlarına məxsus ağır tonnajlı yük avtomobilləri Gorus-Laçın-Xankəndi marşrutu ilə Qarabağa, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti operativ-nəzarət arealına hərəkət edirlər.
Baş verənlərlə bağlı dəfələrlə yazmışıq, rəsmi Bakı yaşananlardan dolayı Tehrana dəfələrlə şifahi narazılığını bildirib.
Fəqət, heç bir nəticə yoxdur.
İran avtomobillərinin Laçın dəhlizi vasitəsilə Xankəndinə hərəkəti, naməlum mənşəli və ciddi-cəhdlə gizlədilən yüklərin daşınması Azərbaycanın suverenliyinin, sərhəd toxunulmazlığının və ərazi bütövlüyünün kobud şəkildə pozulması ilə yanaşı, rəsmi Tehranın ölkəmizə aşkar, nümayişkaranə şəkildə sayğısızlığıdır.
İranın Azərbaycandakı səfirliyi isə eyni notda köklənmiş bəyanatlar verir, "iddiaları araşdıracağıq" deyir.
İranlılar demişkən, "xub", səfirliyin və rəsmi Tehranın "araşdırması" üçün yeni, danılmaz faktları təqdim edirik.
Aparılan müşahidələrimiz göstərir ki, iyulun 11-dən avqustun 8-dək İran İslam Respublikasına məxsus 35 ağır tonnajlı yük avtomobili Laçın dəhlizi vasitəsilə Qarabağa, Rusiyanın sülhməramlı kontingentinin nəzarətindəki ərazilərə tam 70 (!) dəfə giriş-çıxış edib.

Avtomobillərin sadəcə 4-ü yük maşını olub. 31 avtomobil isə iri tonnajlı yanacaqdaşıyan maşınlar (sistern) idilər.
Dəqiq statistikaya gəldikdə isə, iyulun 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31-də, daha sonra avqustun isə  3, 4, 5, 6 və 7-də həmin maşınlar Ermənistandan Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə, Qarabağa daxil olublar, sonra geri qayıdıblar.
Tehranın nə cavab verəcəyini indidən təxminləyə bilərik. Çünki bu cavab İrəvandakı Cümə məscidinin, Şuşada Gövhər ağa məscidininin "təmir-bərpa işlərində iştirak" adı ilə sonradan həmin məscidlərin "fars məscidləri" elan edilməsindən sonrakı ritorikadan heç nə ilə fərqlənən deyil.
Daha dəqiq olsaq, İslam Respublikasının "Part Saman Caal Ko" şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edilib.
Maraqlıdır ki, bunca fakt qarşısında İranın "Qarabağ siyasəti"ni dəstəkləyənlər və hətta Tehranı mədh edənlər də var.
Məsələn, Qarabağ Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadə təki.
Ölkədəki dini icmaların rəhbərlərindən və mənsublarından ibarət nümayəndə heyəti ilə Şuşaya yollanan A.Paşazədə orada özündən irəliyə bir adamı buraxmışdı - İranın ali lideri ayətulla Xameneyinin Azərbaycandakı nümayəndəsi, hoccətülislam Əliəkbər Ocaqnicatı.
Məhz Ocaqnicatın pişnamazlıq etdiyi o namazda Paşazadə dua etmişdi.
Sonra da Bakıda, "Təzəpir" məscidində Qurban bayramı münasibətilə bayram namazında Paşazədə demişdi: "Ayətullah Xameneyinin "Qarabağ torpağı İslam torpağıdır" deyərək fətva verməsi, qələbənin carçısı idi, bizi qələbəyə apardı".

Bu absurd, siyasi baxımdan kəmsavad və zərərli bəyanatlarına görə hacı Allahşükür şəhidlərimizin ruhundan və xalqdan üzr istədimi?
Yox.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz da etiraz etmişdi. Küçükyılmaz Twitter profilində "Xameneyi Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib" yazandan sonra QMİ sədrinin "dili açıldı".
Hamını günahkar, özünü müdrik bəyan etdiyi müsahibə verdi, hətta Küçükyılmazı az qala "İslamdan başı çıxmamaq"da suçladı.
Allahşükür Paşazadədə olan bu bitmək bilməyən İran sevgisi, İran ayətullalarının "fətva"larından məst olmaq şakəri bəlli məsələdir.
Fəqət, bəlli olan başqa məsələlər də var.
Məsələn, Ermənistanla və Qarabağdakı terrorçu rejimlə ticari-maliyyə əməliyyatlarının İranın "Banke Melli İran", "İran İslam Bankı", "Keşavarazi Bankı", "Ənsar Bank", "Ayəndəh Bank", "Banke Hekmətİranian", "Banke Mellət", "Banke Keshvəravazi", "Banke Xalifəthijəmalad", "Banke Saderat", "Banke Sepah", "Banke Tejaret", "Banke Ghavamin", "Banke Parsian", "Banke Qharzolhasaneh Mehr", "Banke Refah", "Banke Pasargad", "Banke Saman ATM", "Banke Samen", "Banke Sina", "Banke Maskan", "Banke Post", "Banke Egthesade Novin", "Banke Eqtesad Novin" və "Banke Touse Saderat" bankları vasitəsilə aparılması kimi.
Qarabağ düşmən tapdağında, erməni işğalında olarkən həmin ərazilərin tar-mar və istismar edilməsində, viran qoyulmasında bilavasitə iştirak etmiş İran şirkətlərinin siyahısı da var.

Nədir bu faktlar? Odur ki, İran Qarabağdakı ermənilərə indi də açıq-aşkar dəstək verir.
İranın yeni prezidenti İbrahim Rəisi bəyan edir ki, başçılıq etdiyi ölkə Azərbaycanla dostluq və qarşılıqlı, səmərəli əməkdaşlıq əlaqələrinin inkişafını daha da sürətləndirəcək.
Rəisinin bəyanatını ciddi qəbul edirik və ümid edirik ki, İran heysiyyatımıza toxunan, qanunlarımızı pozan fəaliyyətinə son qoyacaq.
Yox, hər şey əvvəlki məcrada davam edərsə, onda Ermənistandan Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə rahatlıqla girib-çıxan İrana məxsus avtomobillərin görüntülərini, dövlət nömrə və qeydiyyat nişanlarını tamamən açıqlamalı olacağıq.
Görək, onda nə cavab alacağıq.
Elçin Alıoğlu
Milli.Az

Xəbər lenti
Çox oxunanlar