29 Iı öncə yaradılmış Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür

Oxunub: 417

1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin
dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun.
29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.
Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır!
Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası adlandırmışdır. Partiyanın fəaliyyəti keçdiyi yol gələcəyə ünvanlanmış proqram müddəaları deməyə əsas verir ki, YAP ümumxalq, ümumazərbaycan partiyasıdır və onun Azərbaycanın ictimai-siyasi həyatında uzun müddət özünəməxsus yeri olacaqdır.

Könül Rəhimova
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Xəbər lenti
Çox oxunanlar