Razı Nurullayev : "İmişli xəstəxanasını xilas etmək lazımdır"

Oxunub: 372

Sirr deyil ki, tibbi xidmətlərin göstərilməsində ciddi problemlər yaşayırıq. Vətəndaşlar arasında narazılıq pik həddə çatır. Bu problemlərin qarşısını almaq və bu sahədə xidmət səviyyəsini yüksəltmək üçün xüsusi bir dinləmənin keçirilməsini təklif edirəm. Parlament, Səhiyyə nazirliyi, Icbari tibbi sığorta və TƏBİB-in iştirakıyla. Səhiyyə xidmətlərini əlçatan etməliyik. Məsələ burasındadır ki, TƏBİB, Sığorta agentliyi və nazirlik ayrı-ayrılıqda mövcud narazılıqlardan yaxşı məlumatlıdırlar. 

Oxuinfo.az xəbər verir ki, bu barədə Razı Nurullayev öz "Facebook" səhifəsində yazıb.

Haqqı demək lazımdır ki, hər şeyin gözəl olması və narazılıqların önlənməsi üçün bu qurumlar çalışır, amma nəticə zəifdir. Gəlin müzakirə edib səbəbi tapaq və hökumət qarşısında məsələ qaldıraq. Parlament olaraq köməkliyimizi göstərək. Artan narazılıqların böyüyəcəyi və nəzarətdən çıxacağı məni xeyli qayğılandırır. Açıq müzakirəyə ehtiyac var. Bəlkə bu qurumlara yardımçı ola bilərik. Keçirdiyim sosial eksperimentlər, narazılıqların səbəbi, konkret faktlar var, amma səsləndirmək istəmirəm. Allah şahiddir ki, nəyin bahasına olursa olsun bu sahədə konkret irəliləyişin olmasını istəyirəm ki, insanlar bezməsin, narazı olmasın. Hər xəstəxananın qabağında yüzlərlə xəstə yığışıb növbə tutmasın, qışqırıq-bağır salmasın. Nə lazımdır danışaq, deyək, 24 saat işləyək, amma bu qurumlara kömək edək ki, problemlər çoxalan müstəvidə yox, azalan xətlə getsin. 
Digər ən böyük problem yerlərdə olan həkim çatışmazlığıdır. Deputatı olduğum İmişlidə 85 həkim yeri boşdur, 65 nəfər həkimə isə hava, su kimi ehtiyac var. Bu boyda rayonda yaşayan 131 min əhali neyləsin? Mən səhiyyə nazirindən və TƏBİB-dın bu sahədə köməklik göstərilməsini xahiş edirəm. İmişli xəstəxanasında elə bil vətən müharibəsidir. Tibbi avadanlıqlar yox səviyyəsindədir, personal, həkim çatışmır, dərmanlar çatışmır, dövlətin pulsuz verdiyi dərmanlar belə yoxdur, yeni xəstəxana binasına ehtiyac var. 
Xəstəxananın baş həkimi Eynulla doktor koronaya yoluxdu və həyatını itirdi. Allah rəhmət eləsin. İndi yeni rəhbər - Azər müəllim təyin olunub. Amma, rəhbər mərkəzdən konkret kömək olmasa, heç nə edə bilməz axı
Hesabınızı götürün ki, gəmi batır və SOS siqnalı verir. İmişli xəstəxanasını xilas etmək lazımdır. Mən hörmətli Səhiyyə naziri, TƏBİB və İcbari tibbi sığorta ilə də danışacam. Yaxın zamanlarda konkret nəticəyə nail olmalıyıq.

Xəbər lenti
Çox oxunanlar