Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər

Oxunub: 171

Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil bir sıra ölkədə 3-cü peyvənd dozası (buster dozası) təklif olunur. Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Üçüncü doza ilə peyvəndlənmə 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatında deyilir.
 İsrail üçüncü dozanı təqdim edən ilk ölkələrdən biridir. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər. Yəni, əvvəl aldığınız 2 dozadan asılı olmayaraq, bu dörd vaksindən birini seçə bilərsiniz - AstraZeneca/Vaxzevria, Pfizer, Sputnik V və ya CoronaVac. Bir sözlə üçüncü doza olaraq hansı vaksinin vurulmasında "seçim sərbəstdir və vətəndaşın özünə aiddir". Üçüncü vaksinin yan fəsadları barədə İsrailin təcrübəsinə istinad etmək olar. Bu ölkənin Səhiyyə Nazirliyinə görə, 60 yaşdan yuxarı olan şəxslərdə vaksinasiyadan dərhal sonra yan fəsadlar nadir hallarda müşahidə olunub və onlar birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. Buraya o cümlədən qızdırma, üşütmə, baş və əzələ ağrıları aiddir. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir.  
 Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna  gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.  

 Elnur Qasımov,
 İmişli RMX PHŞ direktorunun müalicə işləri üzrə müavini

Xəbər lenti
Çox oxunanlar