İSMAYIL MƏRCANLI İMANZADƏ : "YANILMADIM"

Oxunub: 705


   YANILMADIM


Hər gizli sirrimi açıb-ağartsam,
Yəqin ki, qınayar məni çoxları.
Təzədən közərməz axı, sönən şam,
Təkcə Tanrı bilir “olacaqları”.

Aldandım dilinə hərdən birinin,
Mənim avamlığım sağalmaz mərəz.
Alovu sönübsə ocaq yerinin,
Külü ha eşələ, kösövü ha gəz...

İçim də, çölüm də çoxuna bəlli,
Nə şöhrət cəzb edib, nə də var məni.
Biclik mənlik deyil, bir “şirin dilli”
İstəsə yüz dəfə aldadar məni.

Tapdanan görəndə əsib ürəyim,
Bənzəyə bilmədim üzü bozlara.
Hər vaxt daş altından çıxıb çörəyim,
Niyə “yem” olum ki, dələduzlara?..
“Zəmanə adamı” ola bilmədim,
Paxır üzə çıxır ya tez, ya da gec.
“Hər dərdin məlhəmi eldədir” - dedim,
Nə yaxşı, bu dəfə yanılmadım heç...

Xəbər lenti
Çox oxunanlar