Sabiq səfirin cinayət dosyesi məhkəməyə göndərildi - 30 milyon manatlıq mənimsəmədə ittiham edilir

Oxunub: 219

Eldar Həsənovun vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyirlər

Keçmiş səfir Eldar Həsənovun barəsində cinayət işinin Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqı tamamlanıb. Baş Prokurorluqdan yayılan məlumatda deyilir ki, istintaq Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə yol verdiyi mənimsəmə əməllərini sübuta yetirib. Belə ki, E.Həsənovun “qabaqcadan əlbir olan bir qrup şəxs halında”   17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir. “Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb”, - Baş Prokurorluq bildirir.
Eldar Həsənov 2021-ci il iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalına köçürülərək, orada əməliyyat olunub və bir müddət sonra yenidən geri qaytarılıb. Ötən müddət ərzində Eldar Həsənovun vəkilləri onun durumunun kritik olduğunu deyirdilər. İyulun 30-da sabiq səfirin sağlıq durumunun ağırlığı səbəb göstərilməklə vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
“Eldar Həsənovun vəkilləri olaraq, onun səhhətindəki çox ciddi və ağır durumla bağlı, bəlkə də sonuncu dəfə sizə müraciət edirik. Xəstəliyin surətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər. Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması barədə məlumatlar bəlkə də sizə çatmır”, - vəkillər müraciətdə yazmışdılar.
Müdafiəçilər məktubda sabiq baş prokurorun səhhətindəki problemlərdən bəhs edir, yazdıqları hər cümlənin tibbi sənədlərlə təsdiqləndiyini vurğulayırdılar.
Vəkillər Cavad Cavadov, Valeh Mehrəliyev, Cəlil Mirzəyev və Adəm Məmmədov bütün bunların nəzərə alınıb, Eldar Həsənovun ev dustaqlığına buraxılmasını istəyirdilər.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olub. 66 yaşlı Eldar Həsənov ötən il avqustun 13-də saxlanıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. İttihamlar təsdiq olunarsa, barəsində 7 ilə qədər həbs cəzası çıxarıla bilər. Eldar Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Xəbər lenti
Çox oxunanlar