Şeyx Sübhi Tüfeyli : “İranın dəstəyi olmasaydı, Ermənistan 1990-cı illərdə məğlub olardı”

Oxunub: 349

Livanın Hizbullah hərəkatının ilk lideri, şiə alimi Şeyx Sübhi Tüfeyli İranın Ermənistanı dəstəkləməsi ilə bağlı açıqlama verib.

Oxuinfo.az xəbər verir ki, şeyx 1990-cı ildə Ermənistan Qarabağı işğal edəndə İranda olduğunu xatırladıb.

“Onda İran mətbuatı və siyasətçiləri Qarabağın Ermənistan tərəfindən işğalını dəstəkləyirdilər. Hələ Ermənistan baş naziri (Nikol Paşinyan) bu günlərdə “İranın dəstəyi olmasaydı, Ermənistan 1990-cı illərdə məğlub olardı” deyib. Hətta Azərbaycan torpaqlarının işğal edilməsi üçün Ermənistana hərbi və logistika dəstəyi verilirdi”, - Şeyx Tüfeyli qeyd edib.

Livanlı şiə alimi İranın həmişə Azərbaycana qarşı Ermənistanı dəstəklədiyini bu sözlərlə izah edib:

“Mən o vaxt (1990-ci ilərin əvvəllərində) İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. Soruşdum ki, siz niyə bu məzlum müsəlmanlara qarşı xristian erməniləri dəstəkləyirsiniz? Mənə belə cavab verdi: “Ermənistan SSRİ-dən ayrılan Azərbaycan, Türkmənistan və digər türk respublikaları ilə Türkiyə arasında maneə yaradır. Ermənistana dəstək verəcəyik ki, Türkiyənin önünü bağlasın”.

O zaman Azərbaycan yeni müstəqil olmuşdu və orada İsrail yox idi”.

Şeyx Tüfeyli qeyd edib ki, İran 1996-cı ildə Fələstin ərazilərindəki heç bir İsrail əsgərinə zərər verməyəcəyinə dair Təl-Əvivlə anlaşma imzalayıb. O, İranın həmin anlaşmaya indi də sadiq olduğunu söyləyib: “Bu gün durub “sionistlərə görə Azərbaycanla probleminizin olduğunu” deyirsənsə, sən yalançısan. İranın yürütdüyü siyasət dürüst deyil, bu dağıdıcı siyasətdir. Bu siyasətin İranın özünə də xeyri yoxdur”.

Teleqraf.com

Xəbər lenti
Çox oxunanlar