Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

Azərbaycan-Türkiyə-Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi

15:22:56 | 2021-06-08

Sizin reklam burda ola biler...

 
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır. Uzun illərdir bu iki qardaş ölkə Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini uğurla reallaşdırır. TANAP-ın icrasının müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdüyünü vurğulayan siyasi şərhçilər əlavə edirlər ki, Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir.  Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, 
44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir.Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” deyən Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb.Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayırİşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər.
2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu bir daha yüksək qiymətləndirmişdir.Türkiyə Prezidenti bir daha vurğulamışdır ki, “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır.  Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyyənin olması bizim üçün çox önəmli bir haldır.
Son illərdə artan terror hadisələri, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən yerli texnologiya məhsulu olan silah və avadanlıqların həyati bir əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilmişdir. Bu, hərbi gücümüzü daha da gücləndirəcəkdir. Hazırda, işğalda azad edilmiş torpaqlarımızda mina təmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq ölkəmizə gətirilmişdir. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır.




Digər Xəbərlər